MSK saytında eyni seçicinin adı 4 dəfə yazılıb

Seçici adları

Mərkəzi Seçki Komissiyasının internet səhifəsində bir çox seçki məntəqəsinə aid olan seçicilərin siyahısında bir çox hallarda bir neçə şəxsin adı, soyadı, ata adı, doğum günü və hətta yaşadığı ünvan eynidir.

Bəzi hallarda, belə adlar siyahıda 4 dəfə təkrar olunur.

Məsələn, 42 saylı Sumqayıt seçki dairəsinin 9 saylı məntəqəsində 1985-ci il təvəllüdlü, 4-cü mikrorayon ev 3, mənzil 66 ünvanında Abbasov Amil Müzəffər oğlu adı 4 dəfə qeyd olunub.

Bir çox hallarda və digər məntəqələrdə də eyni hallar təkrar olunur.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev BBC Azərbaycancanın ona təqdim etdiyi siyahıda eyni məntəqədə, eyni ünvanda yaşadığı göstərilən bir neçə eyni adı görməkdən təəccübləndiyini deyib və məsələnin "araşdırılacağını" bildirib.

Bundan əvvəl isə o, eyni dairədə və məntəqədə eyni ad, soyad və atasının adı ilə bir neçə şəxsin qeydiyyatda ola biləcəyini demişdi.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin eksperti Bəşir Süleymanlının fikrincə isə, bu, diqqətsizliyin nəticəsidir və MSK onların aradan qaldırılması üçün lazımi tədbirlər görmür.

"Daim belə problemləri yaşayırıq. Xüsusilə yaşayış yerini dəyişən adamların, dünyasını dəyişmiş adamların adları seçici siyahılarına salınır. Biz də belə halları müşahidə etmişik. Amma bunun qarşısını almaq üçün MSK ciddi addımlar atmır. Saytda dəyişikliklər edəməklə, görünüşü dəyişməklə seçici siyahılarını düzəltmək olmaz”.

Cənab Süleymanlının sözlərinə görə, əgər bu məqsədli şəkildə edilsəydi, bu, seçki saxtakarlığı, manipulyasiya etmək üçün "əla ideya"dır.

“Saxtalaşdırmaq üçün gözəl imkandır. Mənim adımdan gedir başqa adam səs verir. Əgər seçici siyahıda özü ilə eyni ad, soyad və atasının adı eyni olan adam görürsə buna etiraz etməlidir, həmin adın üstündən xətt çəkmək lazımdır, yaxud işarə qoyulmalıdır. Komissiya üzvləri səmimidirsə, bunu edəcəklər”, cənab Süleymanlı bildirib.

Seçici adlarının təkrar olunması hallarını bu saytda yoxlamaq mümkündür: https://www.infocenter.gov.az/page/voters/