Barack Obama: MH17 təyyarəsi raketlə vurulub

Obama

Şəklin mənbəyi, Reuters

Ağ Evdə keçirdiyi brifinqdə ABŞ prezidenti Barack Obama deyib ki, Malaysia Airlines təyyarəsinin Ukraynada yerə düşməsi "misli görünməmiş biabırçılıqdır".

Cənab Obamanın sözlərinə görə, MH17 reysli təyyarə rusiyapərəst üsyançıların idarə etdiyi ərazidə qurudan göndərilən raket vasitəsilə vurulub.

"Biz həqiqətin üzə çıxmasını təmin edəcəyik", deyib Prezident Obama.

Eyni zamanda şərqi Ukraynadakı rusiyapərəst üsyançılar beynəlxalq müstəntiqlərə giriş imkanı verəndən sonra onlar MH17 reysli Malaysia Airlines təyyarəsinin düşdüyü yerə gəliblər.

30-a yaxın monitorinqçi helikopter vasitəsilə Qrabovo kəndi yaxınlığındakı qəza yerinə gəlib. 298 nəfəri daşıyan təyyarə cümə axşamı günü burada yerə düşüb.

Ukrayna münaqişəsində hər iki tərəf bir-birini təyyarəni raketlə vurmaqda ittiham edir.

BMT təhlükəsizlik şurası Nyu Yorkda təcili görüş keçirib.

Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müstəntiqlərin hadisə yerinə çatdığı barədə məlumatı Reuters xəbər agentliyinə təsdiqləyib.

ATƏT deyib ki, separatçılar "təhlükəsiz giriş" verəcəklərini və Ukrayna hakimiyyəti ilə əməkdaşlıq edəcəklərini bildiriblər.

Göyərtəsində 298 adam olan Malayziya Hava Yollarının təyyarəsi çərşənbə axşamı Rusiya sərhədinin yaxınlığındakı münaqişəli ərazidə qəzaya uğrayıb.

Qəzadan sağ çıxan olmayıb. Bəzi iddialara görə təyyarə vurulub.

MH17 reysli Boeing 777 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçurdu. Təyyarə ilə əlaqə itməzdən əvvəl o, Ukrayna səmasında olub və Rusiya hava məkanına yaxınlaşırdı.

Ukrayna prezidenti hadisəni "terror aktı" adlandırıb.

Son bir neçə gün ərzində separatçıların Ukraynanın iki hərbi təyyarəsini vurduğu güman edilir.

"Bu, son günlərdə üçüncü belə faciəli hadisədir. Ukraynanın An-26 və Su-25 hərbi təyyarələri Rusiya ərazisindən vurulmuşdu", - Prezident Poroşenkonun cümə axşamı günü verdiyi bəyanatda deyilir. "Ukrayna silahlı qüvvələri havadakı hədəfləri vurmağa cəhd göstərməyib".

Xəritə

Şəklin mənbəyi, BBC World Service

Tanınmamış Donetsk Xalq Respublikasının lideri Aleksandr Borodaidan gətirilən sitata görə istintaqın aparılması üçün "bir neçə günlük" atəşkəs barədə razılıq təklif oluna bilər.

Əsas hava nəqliyyat şirkətlə­­ri bəyan ediblər ki, şərqi Ukrayna üzərindən daha uçmayacaqlar.

İndiyə qədər olan məlumata görə təsdiq olunub ki, təyyarədə olanlar arasında aşağıdakı ölkələrin vətəndaşları olub:

  • Azı 173 holland, 44 malayziyalı (o cümlədən 15 ekipaj üzvü və iki körpə), 27 avstraliyalı, 12 indoneziyalı, doqquz britaniyalı
  • Digər sərnişinlər Almaniya, Belçika, Filippin, Kanada və Yeni Zelandiya vətəndaşları idi

Associated Press agentliyinin Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Heraşşenkodan gətirdiyi sitata görə, təyyarə 10 km hündürlükdən raketlə vurub.

Son həftələrdə şərqi Ukraynada bir neçə hərbi təyyarə raket vasitəsilə vurulub. Ukrayna Rusiya ordusunu separatçı üsyançıları raketlərlə təmin etməkdə suçlayır.

MH17 təyyarəsi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Hadisənin baş verdiyi ərazini rusiyapərəst separatçılar idarə edir
Malayziya təyyarəsi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, MH17 reysli təyyarə Rusiya hava məkanına daxil ola bilməyib

Bu xəbərdən bir neçə saat əvvəl Ukrayna rəsmiləri Rusiya hava qüvvələrini çərşənbə günü Ukraynaya məxsus yerə hücum təyyarəsini vurmaqda ittiham etmişdi.

ABŞ Prezidenti Barack Obama qəzanı Rusiya Prezidenti Vladimir Putinlə telefon vasitəsilə müzakirə edib, Reuters xəbər verir.