"Leonardo da Vinci-nin əsəri" hərracda rekord 450 000 000 dollara satılıb

Videonun alt yazısı, Bu, tarixdə bu qiymətə satılan ilk əsərdir və Christie's auksion otağında gurultulu alqış və həyəcanlı anların müşayiətilə satılıb.

Leonardo da Vinci-nin əl işi və yaşı 500 il olan İsa Məsihin portreti New York-da keçirilmiş hərracda rekord 450 milyon dollara satılıb.

Əsərin adı Salvator Mundi-dir, yəni Dünyanın Xilaskarı.

İndiyədək keçirilmiş hərraclarda incəsənət nümunəsi üçün bu məbləğdə pul ödənilməmişdi.

Əsərin rekord qiymətə satılması müştərilərlə dolu olan Christie hərrac zalında alqışlarla qarşılanıb.

Leonardo da Vinci 1519-cu ildə vəfat edib, onun əl işi olan rəsmlərdən hazırda qalanı 20-dən çox olmaz.

Salvator Mundi əsəri, güman edildiyinə görə, 1505-ci ildən sonra yaradılıb və Leonardo da Vinci-nin fərdi kolleksiyada qalan yeganə əsəridir.

New York hərracında əsərin ilkin təklif qiyməti 100 milyon dollar olub, son qiymət isə 400 milyon dollara çatıb.

Vergi ödənişi də nəzərə alınmaqla portretin tam qiyməti $450,3 milyon təşkil edib.

Əsərin anonim qalan alıcısı hərracda telefon vasitəsilə iştirak edib və cəmi 20 dəqiqəyə alqı-satqı sövdələşməsinin bağlanmasına nail olub.

Christie's employees take bids for Salvator Mundi in New York November 15, 2017

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Auksion otağında həyəcanlı anlar yaşanıb.

Rəsmdə İsa Məsih bir əlində şüşə kürə, digər əlini isə qaldırdığı vəziyyətdə təsvir olunub.

1958-ci ildə həmin bu əsər London hərracında o vaxtın pulu ilə cəmi 45 ingilis funt sterlinqinə satılmışdı.

O zaman güman edilirdi ki, bu əsəri yaradan Leonardo yox, onun şagirdi olub.

Bu əsər 1600-cı illərdə kral I Charles-ın kolleksiyasında olub, sonra yoxa çıxıb və 2005-ci ildə yenidən "tapılıb".

Hərraca qədər bu əsərə rusiyalı milyarder Dmitri Rıbolovlev sahib olub.

Xəbərlərə görə, o, bu portret üçün 2013-cü ilin may ayında $127,5 milyon ödəmişdi.

Əsər həqiqirmi?

Bu tablo ciddi kosmetik əməliyyatdan keçirilib.

Tablonun əsasını təşkil edən qoz ağacı lövhəsini deyildiyinə görə, "qurd yemişdi" və nəticədə, portret, bir ara, az qala ikiyə bölünmüş kimi görünürdü.

Tablonun bərpası ilə bağlı göstərilmiş səylər rəsmin üzərinə çəkilmiş boyaların sürtülüb yeyilməsinə səbəb olub.

BBC-nin incəsənət üzrə müxbiri Vincent Dowd qeyd edir ki, hətta əsərin müəllifinin Leonardo da Vinci olduğu da heç də hamı tərəfindən qəbul olunmur.

Tənqidçilərdən birinin sözlərinə görə, portretin üzərində bərpaçılar o qədər iş aparıb, yazıb-pozub, təzədən rəng vurublar kı, əsər "eyni zamanda təzə və qədim" görünür.

Alıcı ilə bağlı spekulyasiyalar

Christie əsərin həqiqi olduğunda təkid edir və onu "20-ci əsrin ən əzəmətli, təkrar olaraq kəşf edilmiş incəsənət əsəri" adlandırıb.

Hərrac evi əsərin kimin tərəfindən alındığını açıqlamayıb, lakin incəsənət eksperti Dr Tim Hunter ehtimal edir ki, alıcı Asiyadan ola bilər və ya ola bilsin ki, bu əsər yeni açılmış Louvre Abu Dhabi müzeyi üçün alınıb.

Digər bahalı rəsmlər

Staff carefully hold building to the wall wearing protective gloves

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Pol Gogenin "Nə zaman evlənəcəksən?" əsəri 2015-ci ildə rekord qiymətə satılmışdı.

1. "Mübadilə" - müəllif: Willem de Kooning - $300milyon

2 x 1.75m ölçüdə ekspressionist tablosu 1955-ci ildə çəkilib.

2. "Nə vaxt evlənirsən?"-müəllif: Paul Gauguin - $300 milyon

Tahiti qadınları təsvir edilmiş post-impressionist rəsm əsəri, 2015-ci ilin fevralında naməlum müştəri tərəfindən alınıb. Bəzi ehtimallara görə, Qətər muzeyi tərəfindən alına bilərdi.

3. "Kart oyunçuları" - müəllif: Paul Cézanne - $250 milyon

Beş əsərlik silsilənin yalnız bir tablosudur, 2011-ci ildə Qətərə satılıb. Silsilənin digər tabloları New York-da Metropolitan muzeyində və dünyanın digər aparıcı müzeylərində sərgilənir.

4. "17A nömrəsi"- müəllif: Jackson Pollock - $200 milyon

Abstrakt expressionizm üsubunda işlənmiş bu əsər 2016-cı ildə Kenneth C Griffin-ə ABŞ biznesmeni David Geffen tərəfindən satılıb.