İT üzrə elektron təhsilin "ilk addımları" atılır

ilkaddimlar.com təhsil portalı on ildən sonra yeni versiyasını təqdim edib. Yeni versiya müxtəlif sahələrə aid kitablar və Azərbaycan dilində video dərsliklərlə fərqlənir, saytın bölmələri və məzmunu yenilənib.

Sosial layihə kimi qarşısına İnformasiya Texnologiyalarının pulsuz tədrisini məqsəd qoyan saytın rəhbəri Rəşad Əliyev bildirib ki, məqsəd milli dildə İT üzrə güclü tədris ocağı yaratmaqdır.

Əliyev bildirib ki, gələcəkdə layihəyə elektron vasitələr və cihazlarla keçirilən tədris formatını əlavə etmək istəyir: “Planımız Azərbaycanda ilk elektron institutun yaradılmasıdır”, Əliyev deyib.

Tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, təhsilin elektronlaşdırılması sahəsindəki 2008-2012-ci illər üçün nəzərdə tutulan dövlət proqramı gələn il sona çatsa da, belə layihələr gələn proqramlarda nəzərə alınmalıdır.

Təqdimatda iştirak edənlərin əksəriyyəti Milli Məclis və Təhsil Nazirliyinin nümayəndələrindən bu layihəyə xüsusi diqqət ayırmağı xahiş ediblər.

Təhsil Nazirliyinin əməkdaşı Akif Əliyev : “Bu layihə təhsilin ictimailəşdiyini göstərir. Belə layihələr çoxaldıqca təhsil daha da təkmilləşəcək”

İlk Addımlar layihəsi 2001-ci ildən firststeps.az adı ilə fəaliyyətə başlayıb. Məzmununda referatlar, kitablar və elmi işlərin sayına görə İT-də ilklərdən sayılır. Əsas istifadəçiləri tələbələr, bu sahədə dərs deyən müəllimlər və ictimaiyyətdir.