Ramiz Mehdiyev: "İlham Əliyev şantaj qəbul etmir"

Richard Morningstar

Şəklin mənbəyi, RFERL

Şəklin alt yazısı, Azərbaycan rəsmiləri yekdil olaraq cənab Morningstarı Azərbaycanın "daxili siyasətinə qarışmaqda" ittiham ediblər

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstarın AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılova ilə cümə günü çap olunan müsahibəsini bəzi rəsmilər qəzəbli narazılıqla qarşılayıb.

Azərbaycan prezidentinin sözçüsü Əli Həsənov, Prezident Administrasiyasının rəhbər müavini Novruz Məmmədov və Xarici İşlər Nazirliyi sözçüsü Elman Abdullayev yekdil olaraq cənab Morningstarı Azərbaycanın "daxili siyasətinə qarışmaqda" ittiham ediblər.

Yerli mediaya müsahibələrində rəsmilər xüsusi olaraq səfirin Morningstarın Ukraynadakı "Maydan" hadisələrinin Azərbaycanda təkrarlanması ehtinalı barədə şərhlərinə irad tutublar.

ABŞ səfirliyinin buraxdığı bəyanatda cənab Morningstar həm tənqidləri, həm də müsbət rəyləri "maraqla oxuduğunu" deyib.

"Hər kəsin şəxsi fikrini bildirmək haqqına hörmət edirəm. Məqsədim Azərbaycanın hazırda üzləşdiyi məsələləri necə gördüyümü bildirmək idi. Nəticədə bu məsələlərlə bağlı ... səmimi müzakirələr başlayıbsa, təkcə bu da müsahibənin dəyərli olduğunu göstərər".

Richard Morningstar nə dedi?

Richard Morningstar

Şəklin mənbəyi, US gov

"Maydan" barədə: Mənim arqumentim bu olardı ki, "bəli, mən sizin nə dediyinizi anlayıram, amma çox sərt xətt yürütsəniz, vətəndaş cəmiyyətinə nəfəs almaq imkanı verməsəniz, orda (Maydanda) baş verənlərin indi də olmasa, beş il sonra, on il sonra burda baş verməsi ehtimalı daha da artır. Vətəndaş Cəmiyyətinin imkanları daha çox qapansa, risk də artır".

"Demokratikləşmə problemləri" barədə: Məncə, elə vəziyyətdir ki, biz demokratiya məsələsində bir-birimizi eşitmirik. Aydındır ki, biz məsələlərə fərqli baxırıq.

Avropa Şurası sədrliyi barədə: İndi davam edən məhkəmə prosesləri, apellyasiya məhkəmələri (AŞ sədrliyinin uğur göstəricisi ola bilər). Əlbəttə ki, bu məhkəmələrdən bəzilərinin gedişatı, çıxarılan qərarlar bizi çox təşvişə salıb. Bu proseslərlə bağlı ədalətli qərarların verilməsi əlbəttə ki, uğur göstəricisi ola bilərdi. Jurnalistlərə hücumlar azalsa bu da bir uğur olar, vətəndaş cəmiyyəti ilə yeni dialoqa başlamaq da uğur göstəricisi ola bilər.

Ramiz Mehdiyevin cavabı

Ramiz Mehdiyev

Şəklin mənbəyi, president.az

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTac dövlət xəbər agentliyinə deyib ki, ABŞ səfirinin dedikləri "açıq-aşkar təxribatdır".

PA başçısının sözlərinə görə, səfir Morningstarın bu cür şərhləri göstərir ki, onun "öz statusu ilə bağlı ciddi problemləri var".

Cənab Mehdiyev eynilə ABŞ diplomatını Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib. Onun fikrincə Richar Morningstar özündən "öz bağırtısı ilə Azərbaycanı idarə etməli olan hansısa qubernator düzəldib".

"Bu müsahibənin tonu daha çox göstərişə, öz baxışlarını müstəqil dövlətə zorla qəbul etdirməyə oxşayır. [...] Görünür ki, səfir [İlham Əliyevi tanıdığı 19 il ərzində] başa düşməyib ki, Azərbaycan lideri yüksək tonları, təhdidləri və şantajı qəbul etmir".

Novruz Məmmədovun cavabı

Novruz Məmmədov

"Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi bu müsahibə Azərbaycanın daxili işlərinə bir müdaxilədir", -saytlarda PA rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan sitat gətirilir.

"Səfirin bu addımı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının şərtlərinin, yəni maddələrinin kobud şəkildə pozulması deməkdir".

Cənab Məmmədov həmçinin ABŞ-ı "Maydan" hadisələrini "yaratmaqda" ittiham edib və bu hadisələrin Azərbaycanda təkrarlanmasının qeyri-mümkün olduğunu bildirib.

"Əlbəttə, səfir öz fikrini deyə bilər, amma səfir bizim üçün dərs keçə bilməz. Səfir bizim üçün mentorluq edə bilməz. Səfir gəlib burdakı prosesləri təhlil edib, "bu işi belə, bu işi başqa cür görün" - deyə bilməz".

Həmin müsahibədə cənab Məmmədov iddia edib ki, ABŞ "Molotov kokteyli"nin istifadəsinə "dəfələrlə dəstək verir və bununla bağlı faktlar da mövcuddur". ABŞ səfirliyinin mətbuat xidməti isə Turan agentliyinə deyib ki, cənab Novruz Məmmədovun söylədikləri "həqiqətə uyğun deyil".

Əli Həsənovun cavabı

Əli Həsənov

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir çox saytlarda dərc etdirdiyi sual-cavabında deyib ki, səfirin fikirləri "Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil".

Səfirin Ukrayna hadisələrilə bağlı şərhlərinə münasibət bildirən cənab Həsənov deyib: "Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişikləri və onun ağır nəticələri ... heç də cənab səfirin qələmə verdiyi kimi demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir".

PA rəsmisinin sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətinə, mətbuata və azad informasiya fəaliyyətinə "heç bir təzyiq yoxdur".

"Ölkədə yüzlərlə QHT, müstəqil media orqanı nəinki sərbəst fəaliyyət göstərir, həm də dövlətdən bu iş üçün ayırdığı əsaslı yardımlardan bəhrələnirlər".

Onun sözlərinə görə, cənab Morningstarın müsahibədə səsləndirdiyi "bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır".

Elman Abdullayevin cavabı

Elman Abdullayev

Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev həmçinin cənab Morningstarın şərhlərini "qəbuledilməz" saydığını bildirib.

"Azərbaycan öz siyasətində digər dövlətlərin daxili işlərinə qarışmaqdan kənar durur və bu əsasda da digər dövlətlərin, eləcə də ABŞ-ın eyni cür davranış nümayiş etdirməsini zəruri sayır", - Azərbaycan xəbər saytlarında cənab Abdullayevdən sitat gətirir.

ABŞ səfirinin müsahibəsinə münasibət bildirən XİN sözçüsünə əsasən Azərbaycan tərəfindən vətəndaş cəmiyyətinin "inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə uğurlu ardıcıl tədbirlər" həyata keçirilib.

"Dəfələrlə bildirmişik ki, bu cür siyasi motivli bəyanatların verilməsi və müstəqil məhkəmələrin işinə müdaxilə etmək cəhdləri ölkələrimiz arasındakı münasibətlərə kölgə salır", - o əlavə edib.