Rusiyalı həkimlər Qarabağda tibbi yardım göstərirlər, Azərbaycan ordusu daha iki hərbçisini itirib, Eldar Quliyev vəfat edib

Rusiyalı hərbi həkimlər Qarabağda

Şəklin mənbəyi, Russian Defence Ministry

Rusiyalı hərbi həkimlər Qarabağda tibbi yardım göstərirlər, Azərbaycan ordusu daha iki hərbçisini itirdi, "Bir cənub şəhərində", "Babək", "Gümüşgöl əfsanəsi", "Burulğan" və başqa bədii filmlərin rejissoru olmuş Eldar Quliyev vəfat edib, daha ətraflı BBC News Azərbaycancanın icmalında

Rusiyalı hərbi həkimləri, Dağlıq Qarabağın ucqar bölgələrinin sakinlərinə tibbi yardım göstəriblər, Rusiya Müdafiə Nazirliyi bildirir.

Məlumata əsasən, Dağlıq Qarabağın Xocalı rayonundakı Sərdarkənd (Sərdaraşen) sakinlərinə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi qurulub.

"Bu gün Sardaraşen (Sərdarkənd) dağ kəndinin sakinlərinə humanitar və tibbi reyd formatında yardım edirik. Bu missiya qeyri-adi bir haldır, buraya həkimləri gətirdik," - Sülhməramlı fəaliyyət üzrə Rusiya hərbi kontingentinin komandan müavini general-mayor Sergey Jmurin deyib.

Cümə günü yayılan məlumatda həmçinin yerli əhaliyə Rusiya ictimai və xeyriyyə təşkilatları tərəfindən göndərilən 1500 kiloqrama yaxın humanitar yardımın çatdırıldığı bildirilir.

Rusiya sülhməramlıları Dağlıq Qarabağa 9 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli razılaşma çərçivəsində yerləşdirilib.

Azərbaycan ordusunun minaya düşən hərbçisi vəfat edib

O, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət almışdı.

Müdafiə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, həkimlərin səyinə baxmayaraq, minaya düşmüş hərbçi İlkin Bayramovun həyatını xilas etmək mümkün olmayıb, o, cümə günü səhər saatlarında vəfat edib.

Cümə axşamı isə ötən il oktyabrın 20-də Qarabağda gedən döyüşlərdə yaralanmış 23 yaşlı Səbuhi Hüseynli vəfat edib. Hərbçi 6 ay komada imiş.

APA xəbər verir ki, hərbçi doğulduğu Xaçmaz rayonunun Maqsudkənd kəndində dəfn edilib.

İkinci Qarabağ müharibəsi ötən il sentyabrın 27-də başlayıb və 44 gün davam edib. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri noyabrın 10-da atəşkəs barədə razılaşma imzalayıb və Qarabağa rus sülhməramlıları yerləşdirilib.

Münaqişə bölgəsində hazırda Azərbaycan və Ermənistandan itkin düşən hərbçilər axtarılır.

Eldar Quliyev

Şəklin mənbəyi, Azertac

Eldar Quliyev vəfat edib

Azərbaycanın xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu gün səhər vəfat edib.

Azərtac xəbər verir ki, Eldar Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılsa da sonradan vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya aparılmışdı.

"Bir cənub şəhərində", "Babək", "Gümüşgöl əfsanəsi", "Burulğan" və onlarla başqa bədii filmlərin rejissoru olmuş Eldar Quliyev həm də kino ssenarist kimi tanınıb.

Onun ən çox məşhurlaşan filmi "1979-cu ildə çəkdiyi "Babək" və dir.

Məşhur Azərbaycan bəstəkarı Tofiq Quliyevin oğlu Eldar Quliyev 1941-ci ildə anadan olub. 1960-1967-ci illərdə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İntitutunun rejissorluq fakültəsində təhsil alıb.

O, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının fəxri Prezidenti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professor idi.