18 aylıq uşağa məktub - həbsdəki jurnalist Ülvi Həsənli körpə qızına yazır

abzas ülvi həsənli sevinc uşaq məktub

Şəklin mənbəyi, Ülvi Həsənlinin ailəsi

  • Müəllif, İlkin Həsənov, Aygül Mehman
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı

"AbzasMedia işi"nə görə həbs olunmuş saytın direktoru Ülvi Həsənli yaxınları ilə ancaq şüşə arxasından görüşə bilir.

O, 18 aylıq qızına toxuna bilmədiyini ictimaiyyətə açıq məktubunda yazıb:

"Gözəl Suad,... bizə yaxınlarımızla görüşmək, telefonla səslərini eşitmək belə qadağan edildi. Hətta səni – 18 aylıq uşağı 5-10 saniyəlik qucaqlamağa belə düşməncəsinə imkan vermədilər. Səni indi də görə, bağrıma basa bilmirəm", -Həsənli yazıb.

Azərbaycanda 2023-cü il noyabrın sonlarından başlayaraq, yerli “AbzasMedia” saytının rəhbərləri və daha sonra əməkdaşları "qaçaqmalçılıq" ittihamı ilə həbs olunub.

Onlardan bəzilərinə bu il fevralın 19-dək ailələri ilə görüşə və telefon danışıqlarına icazə verilməyib, ailələrinin təqaüd və maaş kartlarına, eləcə də digər bank hesablarına həbs qoyulub, bu haqda ayrı-ayrı vaxtlarda həbsdə olan jurnalistlərin ailə üzvləri və vəkilləri BBC-yə bildirib.

Ülvi Həsənlinin açıq məktubunda nələrdən bəhs olunur?

Qızı Suada yazdığı məktubunda Ülvi Həsənli övladının "ən gözəl vaxtlarını" görmədiyinə təəssüflənir.

"Bir yaş 6 aylıqsan. Biz həbs olunanda sən hələ yerimirdin. Amma bir ay əvvəl məhkəmələrimizin birində vəkilim Zibeydə xanım dedi ki, Suad artıq yeriməyə başlayıb. Bəlkə də ən gözəl, ən sevimli vaxtlarındır. Səni görməyəli yeni mimikaların, yeni davranışların yaranıb. Bu anları görməyi, yaşamağı arzulayırdım".

Məktubunda, o, Azərbaycanın "qara günlərdən keçdiyini" vurğulayır.

Ülvi Həsənli yazısında, həmçinin özünün və saytın digər əməkdaşlarının həbsini "Azərbaycanın bu gününü və gələcəyini oğurlayan korrupsiya faktlarını ortaya çıxarmaqları" ilə əlaqələndirir.

O, eləcə də "AbzasMedia işi"ndə adı keçən jurnalistlərin ailələrinə olan təzyiqlərdən də bəhs edir.

"Hələ də atalara, analara görə övladlar, övladlara görə valideynlər, ailə üzvləri cəzalandırılır. Analarımızın yeganə gəlir yeri olan pensiya kartları bloklanıb, ailə üzvlərimizin, dostlarımızın bank hesablarına həbs qoyulub və onların ölkədən çıxışı qadağan olunub",- o vurğulayır.

Ülvi Həsənli məktubunda diqqəti həm də "Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, bir media qurumunun tənqidi materiallarına, araşdırmalarına görə belə total repressiyaya məruz qalmasına" çəkir.

"Bizi həbs etmələri ürəklərini soyutmayıb, yaşlı-cavan, qadın-uşaq demədən ailə üzvlərimizə, yaxınlarımıza da təzyiq edir, cəzalandırır və bizdən bu şəkildə də qisas almağa çalışırlar. Terrorda, kütləvi qətldə, ən ağır cinayətlərdə ittiham olunanlara qarşı heç bu cür məhdudiyyətlər tətbiq edilməyib", - o vurğulayır.

O, həbsini, ailə üzvlərinin də təzyiqlərə məruz qalmasını Sovet hakimiyyətinin repressiyaları ilə müqayisə edir.

"Biz sanki sürgünə, yaxud konslagerə göndərilmişik, ailə üzvlərimiz də bizə görə cəzalandırılır və təzyiq altında saxlanılırlar", - Ülvi Həsənli yazır.

Onun vəkili Zibeydə Sadıqova BBC-yə deyir ki, birbaşa görüşlə bağlı, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı qadağa yoxdur.

O vurğulayır ki, qadağanın olmamasına baxmayaraq, ailə bu hüququndan "məhrum edilir" və ona ailəsilə yalnız şüşə arxasından görüşə icazə verilir.

Soldan sağa: Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, Rüfət Muradlı, Şamo Eminov, Teymur Kərimov

Şəklin mənbəyi, Kollaj/BBC

Şəklin alt yazısı, Soldan sağa: Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, Rüfət Muradlı, Şamo Eminov, Teymur Kərimov

"Yalandır"

Azərbaycanda iqtidar ölkədə insan haqlarının pozulması barədə deyilənləri rədd edr.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Almaniya mətbuatının Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarını "tamamilə yalan" adlandırıb.

"Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir", - Azərbaycan Prezidenti deyib.

“Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, - cənab Əliyev vurğulayıb.

Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfirinin də Azərbaycanda gedən proseslərin "şahidi" olduğunu deyən cənab Əliyev Azərbaycan haqqında "bilərəkdən çox mənfi təəssürat yaradıldığını" da vurğulayıb.

Yazıda bundan sonra AbzasMedia işi ilə bağlı xəbərləri ən sondan başlanğıca doğru xronoloji ardıcıllıqla oxuya bilərsiniz.

"Dəhşətə gəldik"

Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko Azərbaycanda həbs edilmiş jurnalistlərə göstərilən davranışdan “dəhşətə gəldiyini” açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bu açıqlamanı “əsassız və məsuliyyətsiz” adlandırıb.

Bazar ertəsi günün AbzasMedia saytının daha bir jurnalisti Elnarə Qasımova həbs edilib. Vəkili yerli mediaya bildirib ki, o, məhkəməyə əliqandallı aparılıb və şüşə qəfəsə salınıb, amma məhkəmədə vəkillərin etirazını gözləmədən hakim öz təşəbbüsü ilə qandalları açdırıb və Elnarə Qasımovanı şüşə qəfəsdən çıxartdırıb.

BBC Azərbaycanca Daxili İşlər Nazirliyindən "pis rəftar" iddialarına şərh ala bilməyib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko X hesabında yazıb ki, o, son vaxtlar Azərbaycanda həbs edilmiş bəzi jurnalistlərə qarşı olan “alçaldıcı münasibətdən, əsasən gənc qadınların məhkəmə zalında əllərinin qandallanması, şüşə qəfəsə salınması və ya əsas insani ehtiyaclarının qarşılanmasına icazə verilməməsilə bağlı xəbərlərdən dəhşətə” gəlib.

“Hər kəsin ləyaqət və hörmətlə rəftar görmək hüququ var”, - cənab Mixalko yazıb.

Paylaşımını ötürün Twitter, 1
Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter, 1

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Peter Mixalkonun “iddiasını əsassız və məsuliyyətsiz” adlandırıb.

“Yaxşı olardı ki, səfir diqqətini bəlli Avropa ölkələrinin məhkəmə sistemindəki ədalətsizlik və pis rəftar üzərində cəmləyərdi. Ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulmuş Azərbaycan məhkəmə sisteminə müdaxilə qəbuledilməzdir”, - cənab Hacıyev X hesabında vurğulayıb.

Paylaşımını ötürün Twitter, 2
Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter, 2

Azərbaycanda noyabrın 20-dən bəri “AbzasMedia” və Kanal13-ün rəhbərləri də daxil olmaqla azı 10 jurnalist barəsində həbs qətimkan tədbiri seçilib.

Bazar ertəsi günü münaqişə jurnalistikası üzrə ekspert Şahin Rzayev xırda xuliqanlıq ittihamı ilə 15 sutka həbs edilsə də, bir gün sonra Apellyasiya Məhkəməsinin qərarı ilə cərimələnərək, azadlığa buraxılıb, bu barədə jurnalist özü Facebook hesabında yazıb.

ABŞ hökuməti çərşənbə axşamı günü “bir daha Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırıb”, - ABŞ Dövlət Departamentindən Turan-a bildiriblər.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro da “jurnalistika cinayət deyil” həştəqi ilə X sosial platformasında Azərbaycanda jurnalistlərin həbslərinin “narahatlıq doğurmasından” bəhs edib.

“Azərbaycanda media işçilərinin #AbzasMedia və #Kanal13 saytlarının işçiləri də daxil olmaqla həbsi və onların qohumlarının hədələnməsi dərindən narahatlıq doğurur. Jurnalistlər repressiyalardan qorxmadan, ictimai əhəmiyyətli mövzularla bağlı məlumat yaya bilməlidirlər. #JurnalistikaCinayətDeyil”, - ATƏT nümayəndəsi vurğulayıb.

Çərşənbə axşamı günü Sərhədsiz Reportyorlar Təşkilatı da Azərbaycanı “jurnalist ovuna son qoymağa” və həbs edilmiş “jurnalistləri dərhal azad etməyə” çağırıb.

“AbzasMedia”nın daha bir jurnalisti Elnarə Qasımova da qaçaqmalçılıq ittihamı ilə həbs olunub

jurnalist, AbzasMedia, mətbuat azadlığı, media azadlığı, insan haqları, polis, həbs, məhkəmə

Şəklin mənbəyi, Elnarə Qasımova / Facebook

“AbzasMedia” işi ilə bağlı daha bir jurnalist barəsində həbs-qəti imkan tədbiri seçilib.

Bazar ertəsi Bakıda yerləşən Xətai Rayon Məhkəməsi Abzas Media-nın jurnalisti Elnarə Qasımovanı 2 ay 17 gün müddətinə həbs edib, onun vəkili Bəhruz Bayramov yerli mediaya bildirib.

Şənbə günü “şübhəli şəxs” qismində saxlanan jurnalist qaçaqmalçılıqda ittiham edilir.

Bəhruz Bayramov bildirib ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmir və saxlanılmasını jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

AbzasMedia saytının rəhbərləri Sevinc Vaqifqızı, Ülvi Həsənli, eləcə də Məhəmməd Kekalov noyabrda 4 ay, saytın əməkdaşı Nərgiz Absalamova və saytda yazılarını dərc etdirdiyini deyən araşdırmaçı-jurnalist Hafiz Babalı isə dekabrda 3 ay müddətinə qaçaqmalçılıq ittihamı ilə həbs olunublar.

Saxlanan jurnalistlər barələrində irəli sürülən bu ittihamları rədd ediblər və həbs olunmalarını peşə fəaliyyətləri ilə əlaqələndiriblər.

Nərgiz Absalamova ev dustaqlığına buraxılmadı

Nərgiz Absalamova qaçaqmalçılıq jurnalist Azərbaycan AbzasMedia işi

Şəklin mənbəyi, Gulnara Mehdiyeva

Şəklin alt yazısı, Nərgiz Absalamova

Çərşənbə axşamı günü jurnalist Nərgiz Absalamovanın ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatət təmin olunmayıb, bu barədə BBC-yə onun yaxınları deyib.

Nərgiz Absalamova "AbzasMedia işi" üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş 5 jurnalistdən biridir.

Yaxınları məhkəmədə Nərgiz Absalamovanın özünün də iştirak etdiyini bildirib.

Jurnalist ikinci dəfədir ki, ev dustaqlığına buaxılması üçün müraciət edib: bundan öncə onun dekabrın 8-də ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatət təmin olunmamışdı.

Onun vəkili Şəhla Hümbətova BBC-yə Nərgizin özünü təqsirli bilmədiyini deyib.

Saytın əməkdaşı Nərgiz Absalamova işdə şahid qismində ilk dəfə noyabrın 27-də BŞBPİ-yə çağrılaraq dindirildikdən sonra sərbəst buraxılsa da, daha sonra təkrar çağırılıb və dekabrın 1-də eyni ittihamla barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

ABŞ Dövlət Departamenti, Amnesty International, Jurnalistlərin Müdafiə Komitəsi kimi beynəlxalq qurumlar onların saxlanılmasını qınayıb, jurnalistlərin azadlığa buraxılmasına çağırış ediblər.

Hafiz Babalı həbs olunub

Araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb Azərbaycan Jurnalistika AbzasMedia  jurnalistlərin həbsi işi Abzas Media Sevinc Vaqifqızı Sevinc Vagifgizi Ulvi Hasanli Mahammad Kekalov Nargiz Absalamova

Şəklin mənbəyi, Hafiz Babalı/Facebook

Dekabrın 14-də araşdırmaçı-jurnalist Hafiz Babalı həbs edilib, onun vəkili Rəsul Cəfərov BBC-yə deyib.

Vəkilin sözlərinə görə, araşdırmaçı-jurnalist Hafiz Babalı Xətai rayon məhkəməsinin hökmü ilə üç aylıq həbs edilib.

"Bakı Şəhər Baş Polis idarəsi və Bakı Şəhər Prokrorluğunun tərəfindən müraciət olunmuşdu və məhkəmə bunu təmin edib Hafiz Bablı barəsində həbs qət imkan tədbiri seçdi. O, "AbzasMedia işi"ndə ittiham olunan digər şəxslərlə Cinayət Məcələsinin eyni maddəsi üzrə, qaçaqmalçılıqda günahlandırılıb", - vəkil Rəsul Cəfərov BBC Azərbaycancaya deyib.

Cənab Cəfərov deyib ki, Hafiz Babalı ittihamları qəbul etmədiyini bildirib və həbsini öz jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Rəsul Cəfərov Hafiz Babalının həbsi ilə razılaşmadığı üçün məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

Ötən gün bəzi fəallar sosial mediada "Hafiz Babalının evində axtarış aparıldığını və onun Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldığını" yazıblar.

Daxili İşlər Nazirliyindən BBC-yə bildiriblər ki, o, "AbzasMedia ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib".

AbzasMedia

Şəklin mənbəyi, AbzasMedia

Şəklin alt yazısı, AbzasMedia saytından bir görüntü

Hafiz Babalı "AbzasMedia işi"ndə şahid kimi noyabrın 28-də dindirilib.

O, dekabrın 7-də BBC-yə "AbzasMediada məqalələrini çap etdirdiyini" demişdi.

Hafiz Babalı "şahid kimi dindirilsə də, hesablarına həbs qoyulduğunu" və qoyulan həbsin "qanunsuz olduğunu" vurğulamışdı.

AbzasMedia işi

Şəklin mənbəyi, Hafiz Babalı/Toğrul Vəliyev

Şəklin alt yazısı, Hafiz Babalı (solda), Toğrul Vəliyev (sağda)

AbzasMedia işində şahid kimi dindirilmiş araşdırmaçı-jurnalist Hafiz Babalı və iqtisadi təhlilçi Toğrul Vəliyev bank hesablarına həbs qoyulmasını "qanunsuz və absurd" adlandırırlar.

Həbsindən qabaq BBC-yə danışan həm Hafiz Babalı, həm də Toğrul Vəliyev vurğulayıblar ki, hesablarına həbs qoyulması qərarı noyabrın 29-da verilsə də, bu haqda məlumat onlara yalnız dekabrın 5-də çatıb.

"Bakının Xətai Rayon Məhkəməsi "Abzas Media"ya qarşı cinayət işində adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi odənişləri və hüquqi şəxslərin pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarıb", - Hafiz Babalı deyib.

"Qanunsuzdur, absurddur, hüquqlarımın pozulmasıdır"

Araşdırmaçı-jurnalist Hafiz Babalı deyir ki, barəsində rəsmi ittiham olmadan hesablarına həbs qoyulması "qanunsuzdur".

"Mən pensiya alıram, maaş alıram. Pay sahibiyəm və mənə divident ödənir, qəpik-quruşdur, amma mənimçün əhəmiyyətlidir. Mənə rəsmi ittiham irəli sürülməyibsə, niyə hesablarıma həbs qoyulub?"

Hafiz Babalı deyir ki, AbzasMediada onun "sadəcə jurnalist kimi" araşdırmaları dərc olunub:

"Polisə şahid kimi çağırılsam da, sanki ittiham olunan tərəf kimi bank hesablarıma həbs qoyulması qanunsuzdur", - cənab Babalı deyib.

"Mən orda müəllif olmuşam. Hətta ordan (AbzasMediadan-red.) qonorar alsam belə, burda cinayət tərkibi yoxdur. Mən jurnalistəm, başqa mediaya da təmənnasız məqalə verirəm və bu işdə məni tərəf kimi təqdim etmək ittiham tərəfinin ayıbıdır", - Hafiz Babalı vurğulayıb.

Hafiz Babalı hələlik həbs qoyulan bəzi hesablarından istifadə edə bildiyini deyib.

"Ölkənin milyardları talanır, buna baxan yoxdur. Bizi şahid kimi çağırıb, var-dövlətimizin nədən ibarət olduğunu soruşurlar. Sual verirlər ki, siz harasa ianə etmisinizmi? İanə etmək cinayətdirmi? Qrant almaq, ianə almaq cinayət deyil. Bu, medianı susdurmağın bir yoludur", - o əlavə edib.

Hafiz Babalı deyir ki, "istintaqın AbzasMedianın üzərində qurulması Azərbaycanda hökumətin azad mediaya olan təpkisinin nə qədər yüksək olduğunu göstərir".

Azərbaycan rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə bütün azadlıqlar, o cümlədən media azadlığı təmin olunur.

İqtisadi təhlilçi Toğrul Vəliyev deyir ki, o hesabına həbs qoyulması qərarını işlə məşğul olan müvafiq vəkillərdən öyrənib.

"İşdə adı keçən şəxslərin hamısının hesablarına həbs qoyulub. Mənə ayın 5-i axşam hesabımın olduğu bankdan email gəldi ki, hesablarıma həbs qoyulub. Qərarın surəti də həmin emaila göndərilmişdi. Düşünürəm ki, hesabıma həbs qoyulması məntiqsizdir", - Toğrul Vəliyev deyir.

Cənab Vəliyev deyir ki, indi onun "maaş aldığı hesab da daxil olmaqla bütün hesablarına həbs qoyulub" və o, hazırda nə edəcəyini bilmir.

Bazar ertəsi günü daha bir fəal - İlhamiz Quliyev saxlanılıb. Dekabrın 6-da isə onun barəsində Cinayət Məcəlləsinin "külli miqdarda narkotik satışı" maddəsi üzrə ittiham irəli sürülərək 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Yaxınları BBC-yə onun bir neçə il öncə polis idarəsində müstəntiq köməkçisi işlədiyini və AbzasMedia-ya da polislə bağlı müsahibə verdiyi üçün həbs olunduğunu iddia ediblər.

Azərbaycan XİN Fransa, ABŞ və Almaniya səfirliyinin rəsmilərini AbzasMedia-ya görə nazirliyə çağırıb

Sevinc Vaqifqızı Ülvi Həsənli Məhəmməd Kekalov

Şəklin mənbəyi, sosial media

Azərbaycan XİN noyabrın 28-də yaydığı məlumatda bildirib ki, ABŞ və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağrılıblar.

Nazirlik açıqlayıb ki, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə AbzasMedia-nın “qeyri-qanuni maliyyə əməliyyatları” həyata keçirdiyi, eləcə də “sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib”.

Nazirlik hesab edir ki, belə maliyyələşdirmə ölkə qanunvericiliyinə ziddir. Qurum bunu “ölkənin daxili işlərinə qarışmaq” kimi qiymətləndirərək bu fəaliyyəti “şiddətlə qınadığını” açıqlayıb.

Almaniya səfirliyi Facebook səhifəsində açıqlayıb ki, onlar iki il öncə, 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə ''Kekalove Adaptive'' adlı moda nümayişi üçün 1500 avro maliyyə yardımı ediblər.

Səfirlik bildirib ki, onlar Məhəmməd Kekalovun əlilliyi olan şəxslərlə bağlı sosial öhdəliyini davamlı olaraq dəstəkləyiblər və bu ilin may ayında Almaniya səfirinin iqamətgahında onun moda nümayişinə dəstək veriblər.

"Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik”, - səfirlik bildirib.

Məhəmməd Kekalovun AbzasMedia saytının direktor müavini olduğu bildirilir. O, əllilliyi olan şəxslərə dəstək üçün bir sıra layihələr həyata keçirib, o cümlədən moda nümayişləri təşkil edib.

jurnalist, media azadlığı, söz azadlığı, Sevinc Vaqifqızı, Ülvi Həsənli, AbzasMedia

Şəklin mənbəyi, S.VAQIFQIZI, Ü.HƏSƏNLI/FACEBOOK

Məhəmməd Kekalovun saxlanması

ictimai fəal Məhəmməd Kekalov

Şəklin mənbəyi, AbzasMedia

Şəklin alt yazısı, İctimai fəal Məhəmməd Kekalov

Noyabrın 23-də Bakı Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün həbs qətimkan tədbiri seçib, AbzasMedia X hesabında yazıb.

Barəsində təxminən 4 aylıq həbs qətimkan tədbiri seçilən Məhəmməd Kekalov ona verilən ittihamları rədd edir, Turan onun vəkili Sənan Əsədova istinadən yazıb.

AbzasMedia-nın direktoru Ülvi Həsənli bazar ertəsi səhər saatlarında saxlandıqdan sonra yaxınları və vəkil Rövşanə Rəhimli Məhəmməd Kekalovdan xəbər ala bilmədiklərini bildirmişdilər.

Yalnız iki gün sonra onun polis tərəfindən saxlandığı bəlli olmuşdu.

Noyabrın 22-də Daxili İşlər Nazirliyindən BBC-yə bildirilmişdi ki, Məhəmməd Kekalov “polis tərəfindən saxlanılıb”.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Haciyev BBC Azərbaycancaya bildirmişdi ki, Məhəmməd Kekalov “Sevinc Vaqifqızı və Ülvi Həsənlinin cinayət işi üzrə cəlb edilib”.

DİN sözçüsü Elşad Haciyev yalnız onu demişdi Kekalov vəkillə təmin edilib.

Onun ailəsinin müqavilə bağladığı vəkil Rövşanə Rəhimli isə BBC-yə bundan xəbərsiz olduğunu və müvəkkili ilə görüşə bilmədiyini demişdi.

Sonradan, Məhəmməd Kekalovun Rövşanə Rəhimlinin vəkilliyindən imtina etdiyi məlum olub.

Rövşanə Rəhimli çərçənbə günü BBC News Azərbaycancaya demişdi ki, o, iki gün Məhəmməd Kekalovun yerini müəyyənləşdirməyə çalışıb.

“Onun harda olması barədə məlumat almaq mümkün olmayıb. Ən son gecə saat 1 radələrində 102 xidmətinə yenidən müraciət etmişəm. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mənə dedilər ki, Məhəmmədin vəkili var, amma məndə və ailəsində belə bir məlumat yoxdur. Bildiyim qədərilə mən onun ailəsinin təyin etdiyi yeganə vəkiləm”, - Rövşanə Rəhimli bildirib.

AbzasMedia çərşənbə axşamı bildirmişdi ki, bazar ertəsi günü səhər saatlarında mülki geyimli polis əməkdaşlarının “evindən zorla çıxararaq apardığı ictimai fəal Məhəmməd Kekalov haqda 36 saatdır ki, heç bir məlumat yoxdur”.

Fəalın vəkili Rövşanə Rəhimli bildirib ki, ötən gün onun saxlanılması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə, Daxili İşlər Nazirliyinə və Ombudsman Aparatına bir neçə dəfə müraciət olunub, amma heç bir qurum Məhəmməd Kekalovun harada olması barədə məlumat verməyib.

Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri James Sharp X hesabında Məhəmməd Kekalov barəsində yazıb.

"Əgər Məhəmməd həbs olunubsa, bu, həqiqətən də pis xəbərdir. O, əlilliyi olan şəxslərin hüquqlarını dəstəkləmək və onlara kömək etmək üçün fantastik işlər görən əla oğlandır. Mən ona və işinə dəstək verməkdən qürur duymuşam. Ona kömək etmək lazımdır, mane olmaq yox. Ümid edirəm və çağırıram ki, ona zərər dəyməsin", - James Sharp postunda yazıb.

Paylaşımını ötürün Twitter, 3
Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter, 3

Sevinc Vaqifqızı

Şəklin mənbəyi, Sevinc Vaqifqızı/Facebook

Şəklin alt yazısı, “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı polis tərəfindən saxlanılıb

Sevinc Vaqifqızının saxlanılması

Abzas.net saytının Baş redaktoru Sevinc Vaqifqızı xarici ölkədən Azərbaycana qayıdanda noyabrın 21-də Bakı hava limanında saxlanılıb.

Onunla bir təyyarədə gələn müxalifyönlü siyasi fəal Əbülfəz Qurbanlı jurnalistlərə deyib ki, qayıdarkən onları da yoxlayıblar.

"Təyyarədən çıxarkən gözlədik ki, Sevinc Vaqifqızı da gəlsin, amma bunlar bizdən cəld tərpəndilər və qapının ağzında dayandılar. Sən demə, orda ayrıca qapı varmış ki, Sevinci ordan çıxarsınlar. Daha sonra bizi aşağıda saxladılar, bizim əşyalarımızı yoxladılar, Belə məlum oldu ki, Sevinc Vaqifqızının mobil telefonunu axtarırlar”.

Sevinc Vaqifqızı vəkili ilə birgə kirayə yaşadığı mənzilə gətirilib və orada axtarış aparılıb, vəkili Elçin Sadıqov BBC-yə deyib.

O əlavə edib ki, Sevinc Vaqifqızının evindən qanunsuz heç nə tapılmayıb.

"Sevinc bildirib ki, saxlanılması "AbzasMedia"nın tənqidi fəaliyyəti ilə bağlıdir", - Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov BBC News Azərbaycancaya deyib.

Daxili İşlər Nazirliyindən Sevinc Vaqifqızının saxlanılması barədə, hələ ki, məlumat almaq mümkün olmayıb.

Vəkili deyib ki, Sevinc Vaqifqızının saxlanılma səbəbləri barədə məlumat yoxdur və o, Bakı Şəhər Baş Polis idarəsində saxlanılır.

Sevinc Vaqifqızı yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmalarının müəllifi kimi tanınır. Bundan əvvəl də o, təqiblə üzləşmiş, ölkədən çıxışına qadağa qoyulmuşdu.

Sevinc Vaqifqızının adı həmçinin Azəraycan hakimiyyətinin Pegasus casus proqramı vasitəsilə telefonlarını dinlədiyi iddia olunan şəxslərin siyahında çəkilib. Həmin vaxt Sevinc Vaqifqızı BBC Azərbaycancaya demişdi ki, müstəqil jurnalistlərin təqib edilməsinin səbəbi "hökumətin nəzarəti altında çalışmadıqları üçündür".

Azərbaycan hakimiyyəti Pegasus-la bağlı səslənən iddialara hələ də cavab verməyib.

Ülvi Həsənli

Şəklin mənbəyi, U.Hasanli/Facebook

Ülvi Həsənlinin saxlanılması

AbzasMedia saytının direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saatlarında xarici ölkə səfərinə getmək üçün evindən çıxıb "taksiyə oturarkən" saxlanılıb, vəkili Zibeydə Sadıqova BBC Azərbaycancaya bildirib.

O, Ülvi Həsənlinin evində və Abzas Media saytının ofisində aparılan axtarışların hansı ittiham əsasında aparıldığını, Ülvi Həsənlinin nədə ittiham olunduğunu hələ ki, bilmədiyini söyləyib.

BBC Azərbaycanca Ülvi Həsənlinin saxlanma səbəblərini DİN-dən öyrənə bilməyib.

AbzasMedianın noyabrın 20-də yaydığı videolarda polisin ofisə getmək istəyən jurnalistlərə mane olduğu görünür.

DİN sözçüsü Elşad Hacıyev bazar ertəsi səhər BBC-yə polisin “AbzasMedia”nın ofisi qarşısında olmasını “orda araşdırma aparılması” ilə əlaqələndirib, amma əlavə məlumat verməyib.

AbzasMedia yaydığı bəyanatda bildirib ki, ofisdə axtarış zamanı “guya 40 min avro pul aşkarlanıb”.

Ülvi Həsənli bu vəsaitin ona aid olmadığını deyib, vəkil Zibeydə Sadıqova BBC Azərbaycancaya bildirib.

Facebook hesabında yaydığı bəyanatda AbzasMedia iddia edib ki, Ülvi Həsənli saxlanarkən qeyri-insani davranışa məruz qalıb.

Ülvi Həsənlinin ailəsindən BBC Azərbaycancaya bildirib ki, evində axtarış aparılan zaman onun gözünün altında qızartı olub və Ülvi bunu saxlanarkən "onu vurmaqları ilə" izah edib.

Ülvi Həsənli Sevinc Vaqifqızı

Şəklin mənbəyi, Hasanli/Facebook

Həsənlinin ailəsi bildirib ki, ilkin sorğu-sualda Ülviyə "AbzasMedia"nın fəaliyyəti ilə bağlı suallar verilibmiş.

"Ülvi bizə dedi ki, polisdə ondan soruşublar ki, saytda niyə Qarabağda aparılan işlərdən yazmırlar, niyə məmurlardan yazırlar?" - Ülvi Həsənlinin xanımı Rübabə Quliyeva deyib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Ülvi Həsənlinin saxlanılmasının onun peşə fəaliyyəti, xüsusən Abzas Media-nın yüksək vəzifəli şəxslərin ailə üzvlərinin biznesi haqqında araşdırmaları ilə bağlı olduğunu iddia edib.

AbzasMedia bəyan edib ki, Ülvi Həsənlinin saxlanması onun jurnalistlik fəaliyyəti ilə bağlıdır və o, dərhal sərbəst buraxılmalıdır.

Ülvi Həsənli Nida gənclər hərəkətının fəallarından olub və dəfələrlə polis tərəfindən saxlanılıb.

Abzas Media 2023-cü ilin iyulunda Söyüdlü hadisələrini işıqlandırarkən, Ülvi Həsənli polislərin jurnalistlərə qarşı zorakı davranışını tənqid etmişdi. Bundan sonra özü demişdi ki, polis onu çağıraraq, sorğu sual edib, amma daha sonra sərbəst buraxıb.

Sevinc Vaqifqızı  Ülvi Həsənli

Şəklin mənbəyi, S.Vaqifqızı/Instagram

Beynəlxalq reaksiyalar

Human Rights Watch təşkilatı noyabrın 23-də yaydığı bəyanatda AbzasMedia-nın rəhbərləri Sevinc Vaqifqızı və Ülvi Həsənlinin həbsini, gənc fəal Məhəmməd Kekalovun saxlanmasını Azərbaycan hakimiyyətinin "öz tənqidçilərini susdurmaq niyyəti" kimi qiymətləndirib.

“Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür”, - Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib. O deyib ki, Həsənli, Vaqifqızı və Kekalov uzun müddətdir davam edən həbslərin “son illüstrasiyasıdır və onlar dərhal azad edilməlidirlər”.

Human Rights Watch AbzasMedia-nı Azərbaycandakı korrupsiya haqqında məlumat verən müstəqil onlayn xəbər platforması kimi xarakterizə edib və bildirib ki, məhkəməyə qədər həbs qətimkan tədbiri təqsirləndirilən şəxslə əlaqədar konkret faktlar və şəxsi şəraitlə əsaslandırılmış “son tədbir” olmalıdır.

Qurum bəyanatında bildirib ki, jurnalistlərin həbsi tanınmış iqtisadçı Qubad İbadoğlunun həbsindən bir neçə ay sonra baş verib.

Human Rights Watch bildirib ki, ittihamlar müxtəlif olsa da, “niyyət eynidir. Hökumət tənqidçilərini susdurmaq və Azərbaycandakı cəsur jurnalistlərə və fəallara” mesaj göndərmək istəyir, - Giorgi Gogia deyib. O əlavə edib ki, saxlananlar dərhal azad edilməli və onlara verilən “şübhəli ittihamlar” geri götürülməlidir.

ABŞ Dövlət Departamenti polisin AbzasMedia-nın direktoru Ülvi Həsənlinin həbs olunması ilə bağlı “dərin narahatlığını” bildirib, Turan yazıb.

"Biz jurnalist Ülvi Həsənlinin həbsi və həbsdə olarkən fiziki zorakılıqla üzləşməsi iddiaları barədə xəbərdən çox narahatıq", - deyə mətbuat katibi Matthew Miller Turan agentliyinin Washington müxbirinə müsahibəsində bildirib.

“Biz Azərbaycan hökumətini ifadə azadlığı da daxil olmaqla hər kəsin hüquq və azadlıqlarını qorumağa çağırırıq", - Turan-ın məlumatına görə, Matthew Miller deyib.

Azərbaycan rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə “bütün azadlıqlar o cümlədən media azadlığı təmin olunur”.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, “Azərbaycan hakimiyyəti AbzasMedia-nın direktoru Ülvi Həsənlini azad etməli və ölkənin sıxışdırılmış müstəqil mediasına sərbəst” fəaliyyət göstərməsinə şərait yaratmalıdır.

Amnesty İnternational təşkilatı da Ülvi Həsənlinin saxlanılması ilə bağlı ciddi narahatlıq ifadə edib.

“AbzasMedia-nın direktoru kimi Ülvi Həsənli Azərbaycanda yüksək səviyyəli korrupsiya məsələlərini cəsarətlə ifşa edib və ictimai maraq kəsb edən tənqidi məsələləri işıqlandırıb”, - Amnesty İnternational təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze deyib, qurumun saytında bidirilir.

Amnesty İnternational-ın nümayəndəsi deyib ki, Ülvi Həsənliyin təqsiri “mötəbər sübutlarla təsdiq olunmasa”, o, dərhal azadlığa buraxılmalıdır”.

Amnesty İnternational-ın saytında yazılıb ki, 2010-cu illərin sonunda NİDA Vətəndaş Hərəkatınin fəalı olmuş Ülvi Həsənli son illərdə dəfələrlə təqiblərlə üzləşib, qısa müddətə həbs edilib.

Digər həbslər

Abzas media Bakı

Şəklin mənbəyi, Ramin Deko

Ötən ilin dekabrında hakimiyyət tənqidçisi kimi tanınan Bəxtiyar Hacıyev, təxminən 3 ay əvvəl isə iqtisadçı alim Qubad İbadoğlu həbs olunub. Onlar həbslərini ictimai-siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə Meda Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə göstərilib.

Təşkilatın 2023-cü il hesabatında yazılıb ki, Azərbaycanda “bütün media sahəsi rəsmi nəzarətdədir ölkə daxilindən müstəqil televiziya və ya radio yayımlanmır, tənqidi mövqedən çıxış edən bütün çap qəzetləri bağlanıb, Azadlıq və Meydan TV kimi saytlar bloklanıb”.

Hakimiyyət ölkədə media və jurnalist fəaliyyətinə məhdudiyyətlər yaradılması ittihamlarını rədd edir.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında vurğulayb ki, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. “İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz", - Prezident çıxışlarının birində deyib.